Nyu-York şəhəri qar fırtınasına təslim olub
- 30 yanvar, 2022
- 13:19
ABŞ-ın Nyu-York şəhərində qar fırtınası həyatı iflic edib.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gündən etibarən şəhəri təsiri altına alan qar fırtınası nəqliyyatın hərəkətini tamamilə dayandırıb. Yollar donub, ictimai nəqliyyat fasilələrlə çalışıb.
Nyu-York bələdiyyəsinin tabeliyindəki qartəmizləyən maşınlar 24 saatlik intensiv iş rejminə keçib. Şəhərin yeni meri Erik Adams insanları evdən çıxmamağa və ehtiyac olmadığı halda şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb. Bəzi yerlərdə qarın hündürlüyü 24-30 santimetrə qədər çatıb. Şəhərdə qar fırtınası səbəbi ilə restoranların fəaliyyəti dayanıb, iaşə obyektlərinin əksəriyyəti bağlanıb.
Nyu-Yorkda yerləşən Con Kennedi və La Quardia hava limanlarında 730-dan çox uçuş ləğv olunub. Hava limanları növbəti 12 saat ərzində uçuşların yenidən bərpa olunacağını açıqlayıb.
Kəskin hava şəraiti, güclü qar yağışından ən çox evsiz insanlar əziyyət çəkir. Nyu-York bələdiyyəsi evsiz insanlar üçün müvəqqəti sığınacaqlar yaradıb. Meteoroloqlar qar fırtınasının növbəti bir neçə gün ərzində Nyu-Yorku təsir altında saxlayacağını bildiriblər.