Nigeriyada ordu dronunun hücumu nəticəsində azı 30 dinc sakin ölüb
- 05 dekabr, 2023
- 02:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında terrorçularla mübarizə üçün nəzərdə tutulmuş orduya məxsus dronun endirdiyi zərbə nəticəsində azı 30 kənd sakini həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına və hadisə şahidlərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlər arasında əsasən müsəlmanların bayramını qeyd edən qadınlar və uşaqlar var.
“Mövlud bayramını qeyd edən müsəlman möminlər səhvən öldürülüb, çoxlu sayda insan isə dronun hücumu nəticəsində yaralanıb”, – Kaduna ştatının qubernatoru Uba Sani xəbər agentliyinə deyib.
Bir neçə nəfərin öldüyünü təsdiqləyən Dövlət Təhlükəsizliyi Komissarı Samuel Aruvanın açıqlamasına görə, onlarla yaralı yerli xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, hərbçilər üsyançılara qarşı adi reyd zamanı mülki əhaliyə “ehtiyatsızlıqdan zərbələr endiriblər”.
Qeyd edildiyi kimi, hərbçilər adətən ölkənin şimalında fəaliyyət göstərən quldur qrupları və üsyançıları izləmək və onlara qarşı mübarizə aparmaq üçün pilotsuz vasitələrdən istifadə edir.