Nigeriyanın qərbindəki Niger ştatında yerləşən Kaqara şəhərindəki dövlət elmi kolleci ötən gecə silahlı dəstənin hücumuna məruz qalıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, ştat hökumətinin katibi İbrahim Matane tərəfindən verilən məlumata görə, əynində kollecin forması olan həmin şəxslər təhsil müəssisəsinin yataqxanasına soxularaq mühafizəçilərə qarşı güc tətbiq ediblər, sonra da tələbələri qaçırdıblar.
Şahidlərə görə, hadisə yerinə 33 motosikletlə gələn yaraqlılar 43 nəfəri, o cümlədən 28 şagirdi, üç nəfər əməkdaşı və ailə üzvlərini qaçırıblar.
“Vanguard” nəşri xəbər verir ki, yerli hökumətin nümayəndəsinin dediyinə görə, hadisə zamanı şagirdlərdən biri öldürülub, bir neçəsi də yaralanıb. Qaçırılanların sayı dəqiqləşdirilir.
Son vaxtlar həmin bölgədə girov hadisələri geniş vüsət alıb. Elə fevralın 15-də silahlı şəxslər sərnişin avtobusunu dayandırıb 21 nəfəri girov götürüblər. Ötən ilin dekabr ayında isə Katsina ştatında bir elmi kollecin 340-dək şagirdi qaçırılmış, amma bir həftə sonra azad edilmişdilər.