Üsyançılar Fransanı Niger Milli Qvardiyasına hücum etməkdə günahlandırıb
- 09 avqust, 2023
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransanı ölkənin hava məkanını pozmaqda və Milli Qvardiyaya hücum etməkdə ittiham ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nigerdə hakimiyyətə nəzarət edən hərbçilərin bildirdiyinə görə, Fransanın hərbi təyyarəsi yerli vaxtla saat 06:01-də Çadın paytaxtı Ncamenadan havaya qalxıb və saat 06:39-da Nigerin hava məkanına daxil olarkən aviadispetçer xidməti ilə əlaqəni kəsib. İddialara görə, təyyarə yerli vaxtla saat 11:15-ə qədər Afrika ölkəsinin hava məkanında olub.
Üsyançıların nümayəndəsi Amadu Abdraman bildirib ki, hava məkanının pozulmasından sonra Niger Milli Qvardiyasının mövqeləri hücum hədəfinə çevrilib. A.Abdramanın sözlərinə görə, Vətənin Müdafiəsi üzrə Milli Şura bütün ölkədə həyəcan siqnalı səviyyəsini yüksəltmək barədə göstəriş verib.
Qeyd edək ki, Niger xarici müdaxilədən ehtiyatlanaraq avqustun 6-da hava məkanını bağlayıb.