Niderlanddan olan cütlük Avropanın 3D texnologiyası əsasında tikilmiş ilk evinin sakinləri olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
İnşaat işçiləri cümə axşamı amsterdamlı təqaüdçülərə - 70 yaşlı Eliza Luts və 67 yaşlı Harri Dekkersə iki yataq otağı olan yeni evlərinin giriş qapısının rəqəmsal açarını - mobil telefonlardakı xüsusi tətbiqetməni təqdim edib.
“Bu evin çap edilməsi cəmi 120 saat çəkdi”, - Fransanın çoxmilli “Saint-Gobain” korporasiyasının tikinti bölməsi olan “Weber Benelux” şirkətinin baş direktoru Bas Qyuismans deyib.
Sahəsi 94 kv.m. olan yeni ev qaya şəklində yaradılıb və 24 beton elementdən ibarətdir. Onlar Eyndhovendəki zavodda qatbaqat çap edilib, sonra isə yük maşını ilə tikinti sahəsinə gətirilib və təmələ quraşdırılıb.
Qeyd edək ki, Eyndhoven Texniki Universiteti ilə “Vesteda” mənzil korporasiyasının birlikdə həyata keçirdiyi “Milestone” layihəsinin ilk hazır evlərinin 2019-cu ildə kirayə bazarına çıxarılması planlaşdırılırdı, lakin memarlıq layihəsinin mürəkkəbliyi səbəbindən təxirəsalma olub.
3D çap üsulu ilə tikililərin inşası inşaat sektorunda bir çoxları tərəfindən xərclərin və ətraf mühitə vurulan zərərin, o cümlədən istifadə edilən sement miqdarının azalması və tikinti materiallarının tullantıların olmaması hesabına azaldılması yolu kimi nəzərdən keçirilir. Bundan əlavə, mütəxəssislər prosesin avtomatlaşdırılmasını və bina, eləcə də, qurğuların tikintisinin yüksək sürətini qeyd edirlər.