Niderlandda polis aksiyaçılara atəş açıb, xəsarət alanlar var

Digər ölkələr
  • 20 noyabr, 2021
  • 04:05
Niderlandda polis aksiyaçılara atəş açıb, xəsarət alanlar var

Niderlandın Rotterdam şəhərində baş verən iğtişaşlar zamanı azı 7 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə Niderlandın Yayım Korporasiyası (NTK) şəhərin meri Əhməd Abutalibə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, polisin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb, qarşıdurmalar zamanı habelə bir neçə polis əməkdaşı da xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azı 20 nəfəri saxlayıb. Abutalibin sözlərinə görə, hazırda polis şəhərin mərkəzinə nəzarəti bərpa edib.

Cümə gecəsi Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı keçirilən nümayiş iğtişaşlara çevrilib, nəticədə bir neçə yüz adam polis əməkdaşlarına daş və fişəng atıb. Azı dörd polis maşını yandırılıb.

Etirazlara səbəb hökumətin koronavirus məhdudiyyətləri və digər tədbirləridir.

02:02

Niderlandın ən iri şəhərlərindən olan Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı keçirilən nümayiş iğtişaşlarla nəticələnib, polis xəbərdarlıq atəşi açmağa və izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olub.

“Report” xəbər verir ki, bu barədə cümə günü Niderland Yayım Korporasiyası (NTK) məlumat yayıb.

Telekanalın məlumatına görə, yüzlərlə etirazçı “Azadlıq!” şüarı səsləndirərək polis əməkdaşlarına daş və fişənglər atıb. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açmağa və nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olublar. Atəş nəticəsində azı 2 nəfər xəsarət alıb.

"Nl Times" da atəş nəticəsində bir neçə nəfərin xəsarət aldığını xəbər verib.

Qarşıdurmalar zamanı azı bir polis maşını yandırılıb, daha biri əzilib. Avtomobillərin söndürülmə zamanı yanğınsöndürənlərə müxtəlif əşyalar, o cümlədən daşlar atılıb.

"Hazırda polis helikopteri şəhərin üzərində dövrə vurur" - NTK xəbər verib: "Mərkəzi vağzalda dəmir yolunun hərəkəti dayandırılıb. Şəhər boyu çoxlu sayda polis maşınları var".

Etirazçıların əsas narazılığına yoluxmaların və xəstəxanaya yerləşdirilmələrin sayının kəskin artması fonunda tətbiq edilən koronavirus məhdudiyyətləri, habelə hökumətin digər qərarları olub.