Netanyahu: İsrail ABŞ-dən hərbi asılılığı azaltmalıdır
- 23 iyun, 2026
- 15:35
İsrail hərbi sahədə Birləşmiş Ştatlardan asılılığını azaltmalı və silah istehsalı üzrə öz imkanlarını inkişaf etdirməlidir.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Quş-Etsionda döyüş bölmələrinin ehtiyatda olan zabitləri ilə görüşdə bildirib.
"Mən amerikalı dostlarımızdan aldığımız və bu illər ərzində əldə etdiyim dəstəyi çox yüksək qiymətləndirirəm. Lakin bu gün deyirəm: bizim özümüzün müstəqil silah istehsalı sistemimizə ehtiyacımız var. Biz öz silahımızı istehsal etməliyik", - o bildirib.
B.Netanyahunun sözlərinə görə, bu, İran və iranyönümlü qüvvələrlə davam edən mübarizəni dəstəkləmək üçün zəruridir: "Hazırda biz İran və onun dəstəklədiyi qüvvələrlə qarşı-qarşıyayıq. Biz onlara ciddi zərbə endirdik. Bu hələ son deyil, lakin hər şey bizim gücümüzdən asılıdır. 30 ildən sonra harada olacağımız qüdrətimizdən asılıdır. Məhz buna görə də indi biz onu genişləndirməyə davam edirik".
O əlavə edib ki, İsraili "silahlanma sahəsində müstəqil potensiala" malik bir ölkə kimi görmək istərdi: "Biz asılılıqdan qurtulmalı, qüdrətimizi artırmağa davam etməli, daha çox texnologiya tətbiq etməli və sizin kimi yeni nəsil komandirlər hazırlamalıyıq. Çünki son nəticədə bizim mövqeyimizi məhz bu müəyyən edəcək".