İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea oktyabrın 27-də Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnslə israilli girovların azad edilməsi ilə bağlı danışıqların bərpası məsələsini müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Baş naziri Binyamin Netanyahunun ofisinə istinadən yazıb.
Məlumata görə, Dohada tərəflər HƏMAS yaraqlılarının bir ildən çox saxladığı girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün müxtəlif variantlar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Antoni Blinken hazırda Qətərdədir.
HƏMAS-ı danışıqlarda kimin təmsil edəcəyi hələ bəlli deyil. CNN-ə görə, Qəzza ərazisi xaricində əlaqə üçün əsas şəxs Xəlil əl-Həyya hesab olunur.
Daha əvvəl Blinken bildirmişdi ki, HƏMAS-ın Siyasi Bürosunun rəisi Yəhya Sinvarın son ölümü İsrailə Qəzzadan girovların qaytarılması şərtlərini razılaşdırmaq və Yaxın Şərqdəki münaqişələri həll etmək üçün imkan yaradır.