Moskvada baş verən yanğında ölənlərin sayı səkkizə yüksəlib - YENİLƏNİB-2

Digər ölkələr
  • 28 aprel, 2026
  • 17:32
Moskvada baş verən yanğında ölənlərin sayı səkkizə yüksəlib - YENİLƏNİB-2

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğın nəticəsində həlak olanların sayı səkkizə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində qurbanların sayı səkkiz nəfərə çatıb. Müstəntiqlər və kriminalistlər hadisə yerinə baxış keçirirlər", - məlumatda bildirilib.

Baş idarədə əlavə ediblər ki, istintaq tədbirləri çərçivəsində tikinti şirkətinin nümayəndələri, yanğının baş verdiyi tikinti obyektinin sahə rəisi və subpodrat təşkilatının əməkdaşları dindirilir.

"Bu şəxslərin hamısı Baş İstintaq İdarəsinin bölməsinə gətirilib", - mətbuat xidmətindən bildiriblər.

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğın zamanı həlak olanların sayı beşə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.

"Hazırda yanğınsöndürənlər tərəfindən 31 nəfər xilas edilib. Təəssüf ki, beş nəfər həlak olub", - məlumatda qeyd olunub.

Yanğının söndürülməsinə 200-dən çox canlı qüvvə və 65 ədəd texnika cəlb edilib.

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında üç nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

"31 nəfər xilas edilib, onlardan yeddisi xəsarət alıb", - qurumdan bildirilib.

Binanın ikinci mərtəbəsindən insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Yanğının söndürülməsinə 120-dən çox canlı qüvvə və 30 vahid texnika cəlb olunub.