Moldova Baş Prokurorluğu Sosialistlər Partiyasının fəxri sədri, eks-prezident İqor Dodonu korrupsiyada şübhəli bilərək ona cinayət işi açıb.
“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Mariana Kerpek bildirib.
"Bu gün, mayın 18-də (dünən-red) baş prokuror vəzifəsini icra edən Dumitru Robu 2020-ci ilin yayında ictimai məkanda görünən videolara görə cinayət təqibinin başlanmasına göstəriş verib", - Kerpek jurnalistlərə bildirib.
Cinayət işi üçün İqor Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plaxotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videogörüntü əsas olub. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntüdə Plaxotnyukun Dodona onların “çanta” adlandırdıqları iri qara paket verməsi yer alıb. Söhbətdən aydın olur ki, “çanta”da o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.
Videogörüntü 2020-ci ildə deputat Yuri Renise tərəfindən yayılıb. 2020-ci il iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu yoxlama zamanı heç bir cinayət tərkibinin aşkar olunmadığını bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.
Mayın 17-də Kişinyov Apellyasiya Məhkəməsi 2019-cu ildə Dodona qarşı cinayət işi başlamaqdan imtina edən Kişinyov məhkəməsinin, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun keçmiş rəis müavini Vasili Levitskinin bu məsələ ilə bağlı qərarını ləğv edib.