Moldovanın Avropaya inteqrasiyası məsələsi üzrə konstitusiya referendumu etibarlı hesab edilib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Referendumda səsvermə siyahılarına daxil edilmiş seçicilərin 43 faizi iştirak edib. Referendumun etibarlı sayılması üçün seçicilərin azı üçdə biri səsvermədə iştirak etməli idi.
Eyni qayda prezident seçkilərinə də aiddir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə seçicilərin demək olar ki, 50 faizi iştirak edib.
Moldovada seçici fəallığı 2020-ci il prezident seçkiləri və 2021-ci il parlament seçkiləri ilə müqayisədə daha yüksək olub.
Moldovada keçirilən prezident seçkilərinə və Aİ-yə üzvlüyə dair referenduma seçicilərin iştirakı səsvermənin və plebisitin tanınması üçün lazım olan 33,3 %-i keçib.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının saytında real vaxt rejimində məlumatları yeniləyən informasiya sisteminin ilkin məlumatları sübut edir.
Seçkilərdə 11 namizəd, o cümlədən parlamentin tam dəstəyinə sahib olan respublikanın hazırkı rəhbəri Maya Sandu prezidentliyə namizəddir. Onun əsas rəqibi Sandunu Rusiya ilə qarşıdurma siyasətinə görə tənqid edən keçmiş Baş prokuror Aleksandr Stoyanoqlodur. Seçkilərlə eyni vaxtda Aİ-yə inteqrasiyanın ölkənin strateji hədəfi elan edilməsi ilə bağlı referendum keçirilir.
Müşahidəçilər qeyd edirlər ki, plebisit iqtisadi böhran və müxalifətin etirazları fonunda Sandu ikinci müddətə yenidən seçilməsinə kömək etmək məqsədi daşıyır. Seçkilərin qalibi seçicilərin yarısından çoxunu toplayan namizəd olacaq. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.