Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətə qayıtdığını açıqlayıb.
“Report” xəbər verir ki, bunu sabiq dövlət başçısı feybuk səhifəsində yazıb.
O bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, Gürcüstan siyasətində çox fəal olmaq və Ukraynadakı müharibə ilə məşğul olmaq niyyətindədir: “Ukraynanın qələbəsini gözləmək və bunun üçün fəal addımlar atmaq lazımdır”.
Qeyd edək ki, M.Saakaşvili 1967-ci ildə Tbilisidə anadan olub. 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub.
M.Saakaşvili 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib.
O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.
2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub.
Sabiq Prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.