Bakı. 16 fevral. REPORT.AZ/ Misirin təhlükəsizlik orqanları ölkədə iri miqyaslı əməliyyatların başlanğıcından bu günə kimi 53 silahlını zərərsizləşdiriblər.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" ölkənin silahlı qüvvələrinin mətbuat katibi, polkovnik Tamer əl-Rifaaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, cinayətkar elementlər və silahlılara dəstək verməkdə şübhəli bilinənlər də daxil olmaqla, 5 silahlı, habelə daha 680 digər şəxs də saxlanılıb. Mətbuat katibi qeyd edib ki, təhlükəsizlik orqanları yüzlərlə sığınacağı və texnikanı məhv edib.
Daha əvvəl Misir ordusunun nümayəndələri bildiriblər ki, Qərb səhrasına endirilmiş hava zərbələri nəticəsində silah-sursat yüklənmiş 10 maşın məhv edilib.