2030-cu ildə atmosferə atılan metan qazının həcminin 2020-ci ilə nisbətən 30% azaldılmasına dair ABŞ və Avropa İttifaqının (Aİ) irəli sürdüyü təşəbbüsə daha 24 ölkə qoşulmaq niyyətində olduqlarını bildiriblər.
"Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan birgə açıqlamada bildirilir.
Xatırladaq ki, ötən ay şifahi şəkildə elan edilmiş bu təşəbbüsə ilkin olaraq ABŞ və Aİ ölkələri ilə yanaşı, Argentina, Böyük Britaniya, Qana, İndoneziya, İraq, İtaliya və Meksika qoşulub. Hazırda təşəbbüsə qoşulmuş ölkələrin payına qlobal ÜDM-in 60%-i və metan tullantılarının 30%-i düşür.
İstixana qazlarından biri olan metan karbon qazından sonra iqlim dəyişikliyinə rəvac verən əsas amil hesab olunur. Açıqlamaya görə, bu təşəbbüsün səmərəli həyata keçirilməsi ilə Yer kürəsində atmosferin orta hərarətinin artması 2050-ci ilə qədər azı 0,2 dərəcə zəifləyəcək.
Təşəbbüsün rəsmi şəkildə irəli sürülməsi isə bu ayın sonunda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransında (COP26) baş tutacaq. ABŞ-ın iqlim dəyişikliyinə dair xüsusi elçisi Con Kerri həmin tədbirə qədər təşəbbüsə 100-dən artıq ölkənin qoşulacağına ümidvar olduqlarını bildirib.