Bakı. 9 sentyabr. REPORT.AZ/ "Zara", "Pull&Bear", "Bershka" və "Massimo Dutti" brendlərinin daxil olduğu "Inditex" holdinqinin təsisçisi Amansio Orteqa "Microsoft"un təsisçisi Bill Qeytsi geridə qoyaraq "Forbes"in versiyası üzrə planetin ən varlı adamları reytinqində birinci olub.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə 22.05-ə olan vəziyyətə görə, Orteqa siyahıda birinci yeri tuturdu, onun varidatı isə 78 mlrd. dollar məbləğində qiymətləndirilirdi.
"Forbes"in qiymətləndirməsinə görə, Bill Qeytsin var-dövləti 77,7 mlrd. dollara çatıb.
Reytinq real vaxt rejimində yenilənir və birja hərraclarının nəticələrini nəzərə alır.