Merts şəxsi təyyarəni idarə etmək üçün lisenziyasından məhrum edilib

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 16:18
Merts şəxsi təyyarəni idarə etmək üçün lisenziyasından məhrum edilib

Almaniya kansleri Fridrix Mertsin şəxsi təyyarəni idarə etməsinə imkan verən pilot lisenziyasının qüvvəsi dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Lisenziya dayandırılıb, təyyarə satılıb: Mertsə artıq təkbaşına uçmağa icazə verilmir", - nəşr yazıb.

Merts ikimühərrikli təyyarəni idarə etmək üzrə lisenziyanı 2009-cu ildə alıb. Daha sonra o "Diamond DA62" modelli təyyarə alıb və 2022-ci ildə həmin vaxt maliyyə naziri vəzifəsində olan Kristian Lindnerin toyuna bu təyyarə ilə uçaraq gəldiyi zaman medianın diqqətini cəlb edib.

Lakin lisenziyanın müddətini uzatmaq üçün kansler iki il ərzində ən azı 12 saat uçmalı, 12 dəfə qalxma və enmə etməli, həmçinin təlimatçı ilə azı bir saat davam edən uçuş həyata keçirməli idi. İkimühərrikli təyyarəni idarə etmək üçün, eyni zamanda, hər il yoxlama uçuşundan keçmək lazımdır, bu da böyük miqdarda boş vaxt tələb edir, kanslerin qrafikində isə belə bir vaxt yoxdur.