Merts Putinin Ukrayna ilə danışıqlar masasına əyləşməsini əsas vəzifə adlandırıb

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 15:29
Merts Putinin Ukrayna ilə danışıqlar masasına əyləşməsini əsas vəzifə adlandırıb

Almaniya Rusiyanın və şəxsən Prezident Vladimir Putinin Avropa İttifaqı (Aİ) və ABŞ-nin da iştirak edəcəyi Ukrayna ilə danışıqlar masasına əyləşməyə razılıq verməsini prioritet vəzifə hesab edir.

"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Avropa Siyasi Birliyinin Sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

"Hər şeydən əvvəl gözləyirəm ki, Rusiya hökuməti və Rusiya prezidenti nəhayət birgə danışıqlara razılaşacaqlar", - o deyib.

"İlk növbədə, Rusiya hökumətinin və prezidentinin nəhayət birgə danışıqlara razılıq verməsini gözləyirəm. Danışıqlar masasında Ukrayna, Avropa ölkələri, ABŞ və təbii ki, Rusiya iştirak etməlidir. Yalnız bundan sonra müzakirələrə başlamaq mümkün olacaq", - o qeyd edib.

Onun sözlərinə görə, Avropa liderləri Ukrayna üzrə danışıqlarda Aİ-ni kimin təmsil edəcəyi məsələsini qapalı rejimdə müzakirə edəcəklər.

"Bu, ictimaiyyətə çıxardığımız yox, bağlı qapılar arxasında müzakirə etdiyimiz bir məsələdir", - kansler vurğulayıb.

Merts qeyd edib ki, hazırda əsas məsələ Rusiyanın danışıqlar masasına əyləşməsinə və dialoq aparmağına nail olmaqdır.

Avropa Siyasi Birliyinin Sammitinin və Avropa Şurasının qarşıdan gələn iclasının gündəliyindən danışan Merts bildirib ki, əsas məsələlərdən biri Ukraynaya dəstəyin maliyyələşdirilməsi olacaq.

Kansler vurğulayıb ki, yaxın aylar həlledici olacaq, qarşıdan gələn qış isə Ukrayna üçün çox ağır keçəcək. Bununla əlaqədar o, Avropa ölkələrini birliyi qoruyub saxlamağa çağırıb.

Bundan əlavə, kansler Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların nəticələrini müsbət qiymətləndirib. Onun fikrincə, bu, ABŞ ilə birlikdə Avropada möhkəm sülhün bərqərar olmasına nail olmaq imkanı verir.