Mütəşəkkil cinayətkar dəstələr Meksikada son 6 ayda onlarla siyasətçini qətlə yetirib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, ölkədə iyunda keçirilməsi planlaşdırılan federal seçkilər ərəfəsində son yarım ildə 66 siyasətçi öldürülüb. Hesabatda federal seçkilərdə şəhər meri, parlament üzvlüyünə namizədlərə qarşı təhdid və şantajların getdikcə artdığı vurğulanır. Qeyd edilir ki, siyasətçilərin həyatı üçün təhlükə böyükdür.
Ölkənin əsas şəhərlərindən Çiuaua, Verakrus və Kankun xüsusən siyasətçilər üçün təhlükəli yerlər hesab edilir.
Qeyd edək ki, Puerto-Morelos şəhəri merinə namizəd fevralın 24-də naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Meksikanın yerli orqanlar assosiasiyasının yaydığı məlumata görə, 2006-cı ildən 2020-ci ilə qədər mütəşəkkil cinayətkar dəstələr tərəfindən 192 mer qətlə yetirilib.