Martinikdə taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri (TIR) sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.
"Report" Azərtac-a istinadən xəbər verir ki, yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər. Bildirilir ki, şəhərlərarası strateji marşrutların əksəriyyəti bağlanıb. “İlbiz” adlanan əməliyyat daşımalar sektorunda xərclərin artmasına qarşı xəbərdarlıq məqsədi daşıyır.
Yük avtomobilləri sürücüləri vəziyyət dəyişməzsə, tələblərini eşitdirmək üçün etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Qeyd edilir ki, səhiyyə sektoru sentyabrın 26-da yeni tətillər planlaşdırıb.
Martinik İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək, yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb. Martinika Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırıb.