Mərkəzi Afrika Respublikasında (MAR) separatçılarla muzdlu döyüşçülər arasında baş verən atışma nəticəsində azı 20 nəfər ölüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin mərkəzində yerləşən Ouaka əyalətinin valisi Viktor Bissekoin bildirib.
Onun sözlərinə görə, əyalətin Boyo kəndində Mərkəzi Afrika Respublikası Sülh Korpusunun silahlı qoluna aid separatçılarla muzdlular arasında atışma davam edir. Vali ölənlərin çoxunun mülki şəxs olduğunu qeyd edərək atışma qurbanların və yaralıların sayının artacağını da bildirib.
Məlumata görə, MAR ilə Rusiya arasında 2018-ci ilin avqustunda hərbi sahə üzrə müqavilə imzalanıb. Bu anlaşmaya əsasən, Rusiyadan olan mütəxəssislər MAR hərbçilərini təhlükəsizlik sahəsində təlimatlandırırlar. Rusiyalılarla yanaşı, Ruandadan olan hərbçilər də MAR-ın polis qüvvələrinə dəstək verirlər. Rusiyaya məxsus “Vaqner”in muzdlularının da MAR hakimiyyəti tərəfindən döyüşdüyü barədə məlumatlar yayılıb.
Qeyd edək ki, respublikanın müsəlman əhalisi ölkədən qovulub.