MAQATE rəhbəri İranın nüvə proqramına müşahidə üzrə əməliyyatlar üçün dövlətdən 4,6 mln. avro tələb edib

Digər ölkələr
  • 12 dekabr, 2014
  • 06:07
MAQATE rəhbəri İranın nüvə proqramına müşahidə üzrə əməliyyatlar üçün dövlətdən 4,6 mln. avro tələb edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Yukiya Amano  İranın nüvə proqramına müşahidə üzrə əməliyyatlar üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı Agentliyin İdarə Şurası üzvlərinə müraciət edib. "Report" BMT informasiya mərkəzinə istinadən xəbər verir ki, bu müraciət 2013-cü ildə İran və İranın nüvə proqramı üzrə danışıqların altı iştirakçısı - Almaniya, Çin, Rusiya Federasiyası, Böyük Britaniya, ABŞ və Fransa ilə razılaşdırılmış Birgə Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlıdır.

Bu ilin noyabr ayında danışıqların yeddi iştirakçı ölkələri Birgə Planın müddətini 2015-ci il iyun ayının 30-na qədər uzatmaq haqqında razılığa gəliblər. Onlar işi davam etdirmək və bu planla bağlı bəzi əlavə tədbirlər görmək üçün MAQATE-yə müraciət ediblər.

Yukiya Amano Agentliyin İdarə Şurası üzvlərinə məlumat verib ki, 2015-ci ilin iyun ayının 30-na qədərki dövrdə bu plan ilə uyğun müşahidə və nəzarət üzrə fəaliyyətə sərf olunan xərclər təxminən 5,5 mln. avro təşkil edəcək və Agentliyə könüllü büdcədən xaric ödəmələr şəklində əlavə olaraq 4,6 mln. avro tələb olunacaq. Yukiya Amano bu ödəmələri aparmaq qabiliyyətində olan üzv dövlətləri zəruri maliyyə vəsaitini mümkün qədər tez ödəməyə çağırıb.