Malidə silahlıların avtobusa hücumu nəticəsində azı 31 mülki şəxs həlak olub, daha 8 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə yerli mənbə “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, hücum ölkənin şərqində Bandiaqara şəhəri (Mopti əyaləti) yaxınlığında baş verib.
Bundan əvvəl BMT-nin Malidəki Sabitləşmə Missiyası naməlum şəxslərin təşkilatın avtomobil karvanını atəşə tutması, nəticədə sülhməramlılarla əməkdaşlıq edən bir mülki şəxsin həlak olduğunu, digərinin isə yaralandığını bildirib.
Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qrupların yaraqlıları arasında silahlı qarşıdurma 2012-ci ildə başlayıb. Liviyada Müəmmər Qəddafinin devrilməsindən sonra yaranmış vəziyyətlə əlaqədar ölkədə situasiya kəskinləşib. Malidəki qarşıdurmanın qarşısını almaq üçün BMT-nin sülhməramlı missiyası yerləşdirilib. BMT sülhməramlıları isə mütəmadi olaraq silahlıların hücumuna məruz qalır.