Yuxarı
    Bağlamaq

    Malayziya ilə Şimali Koreya arasında münasibətlər gərginləşib

    Malayziya hakimiyyəti Şimali Koreyanın Kuala-Lumpurdakı səfirliyinin binasını mühasirəyə alıb

    Bakı. 7 mart. REPORT.AZ/ Şimali Koreyanın Malayziya vətəndaşlarının ölkədən çıxmasını qadağan etməsi ilə bağlı baş nazir Nəcib Razak Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirib.

    “Report” TASS-a istinadən xəbər verir ki, Malayziyanın təxminən 11 vətəndaşı hazırda Şimali Koreya ərazisindədir.

    Malayziyanın Pxenyandakı səfirliyinin məlumatına görə, onların Şimali Koreya ərazisini tərk etməsi yasaqlanıb. Bununla bağlı qərar martın 7-də verilib. 

    İnformasiyaya əsasən, Nəcib Razak Şimali Koreya hakimiyyətinin davranışını dəyərləndirərək, deyib ki, bu, bağışlanılmaz akt və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

    Malayziya daxili işlər nazirinin müavini Nur Cazlan Məhəmməd bildirib ki, hakimiyyət diplomatik missiya əməkdaşlarının sayını müəyyən etmək məqsədi ilə Şimali Koreyanın Kuala-Lumpurdakı səfirliyinin binasını mühasirəyə alıb.

    Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Inın atabir qardaşı Kim Çen Nam fevralın 13-də Malayziyada hava limanında öldürülüb. Onu Kim Çen Inın tapşırığı ilə Şimali Koreyanın xüsusi xidmət orqanları əməkdaşlarının öldürdüyü güman olunur. 

    Kim Çen Namın ailəsi Çin hakimiyyətinin himayəsi altındadır. Onun həyat yoldaşı və oğlanlarından biri Pekində, o biri oğlu isə Çinin Makao şəhərində yaşayır.

    Martın 1-də Malayziya məhkəməsi Kim Çen Namın qətlində şübhəli bilinən Vyetnam və İndoneziya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçib.

    Malayziya qanunlarına görə, onların cinayəti təsdiqlənərsə hər iki şübhəli edam ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi