Fransada qarşıdan gələn prezident seçkiləri öncəsi növbəti sorğunun nəticələri hələ namizədliyi irəli sürülməmiş hazırkı Prezident Emmanuel Makronun şanslarının bir qədər azaldığından xəbər verir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 24%-nin səsini qazanan Makron əvvəlki sorğu ilə müqayisədə 2 bənd itirib.
Onun əsas rəqiblərindən olan Milli Birlik Partiyasının təmsilçisi Marin Le Pen yarım faiz səs itirərək, 15% səs toplayıb.
Sorğu iştirakçılarının 14%-i Respublikaçılar Partiyasının namizədi Valeri Pekresə səs vermək niyyətində olduqlarını açıqlayıblar. Pekres də əvvəlki sorğu ilə müqayisədə 1 bənd itirib.
“Rekonkista” hərəkatının lideri Erik Zemmur həftə ərzində yarım faiz irəliləyərək, 13,5% respondentin səsini qazanıb.
Solçu “Yenilməz Fransa” Partiyasının namizədi Jan-Lük Melanşon mövqelərini yarım faiz möhkəmlədərək, 10,5% sorğu iştirakçısının səsini qazanıb.