Fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətəcən Yeni Kaledoniyada qalacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron arxipelaqda olarkən bildirib.
“Yaxın bir neçə saat ərzində Yeni Kaledoniyaya yerləşdiriləcək təhlükəsizlik qüvvələri lazım olduğu müddətcə orada qalacaq. Prioritet məqsəd qayda-qanunları bərpa etməkdir”, - prezident “X” sosial şəbəkəsində paylaşım edib.
“Le Monde” qəzetinin məlumatına görə, E.Makron Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı arxipelaqa göndərilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilərlər.
Əlavə edib ki, yerli ictimai-siyasi xadimlər barrikadaların götürülməsinə çağırsalar, fövqəladə vəziyyət uzadılmayacaq.