İspaniyanın paytaxtı Madrid şəhərinin bələdiyyəsi ötən istirahət günləri qar və çovğun nəticəsində paytaxta bütövlükdə 1 398 milyon avro məbləğində ziyan dəydiyini, buna görə də şəhəri fəlakət bölgəsi elan etməyin vacibliyini bildirib.
“Report” AA-ya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinin başçısı Xose Luis Martinez Almeida yanvarın 8-10 tarixində paytaxtın mərkəzinə bütövlükdə 1 250 ton qar yağdığını, yolları təmizləmək üçün 1 000 ədəd texnika və 8 min canlı qüvvə cəlb edilərək 33 min ton duz işlətdiklərini açıqlayıb.
O həmçinin şəhərdə ağacların 30 faizinə qədərinin ziyan çəkdiyini, yenidən yaşıllaşdırma işləri üçün 1,5 milyon avroluq vəsaitə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, paytaxtda qarın təmizlənməsi işlərinə könüllülərlə yanaşı, hərbçilər də cəlb edilir. Şəhərdə məktəblər yanvarın 18-dək bağlanıb. Digər tərəfdən, nəqliyyatın və Baraxas Beynəlxalq Hava Limanının fəaliyyəti qismən bərpa olunub.