Livanda yeni baş nazir seçilib

Digər ölkələr
  • 03 noyabr, 2016
  • 11:40
Livanda yeni baş nazir seçilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Livan hökumətinə Saad əl-Xəriri başçılıq edəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onun namizədliyini Livanın yeni seçilmiş Prezidenti Mişel Aun irəli sürüb.

Saad əl-Xəririnin lehinə 127 deputatdan 110-u səs verib. O, qərbyönümlü “Əl-Müstakbal” hərəkatının başçısıdır.

Livanın “Hizbullah” təşkilatı bir qayda olaraq əl-Xəririyə qarşı çıxsa da, ancaq səsvermə zamanı hizbullahçılar bu addımı atmayıblar.

Livanın keçmiş baş naziri, müxalifət rəhbəri Saad əl-Xəriri bildirib ki, Suriya Prezidenti Bəşər Əsəd rejiminin devrilməsi qaçılmazdır.

Qeyd edək ki, o, 2000-ci il oktyabrın 23-dən 2004-cü il oktyabrın 21-dək Livanın baş naziri olan, 2005-ci il oktyabrın 19-da terror nəticəsində öldürülən Rafiq əl-Xəririnin oğludur. Həmin terror zamanı Rafiq əl-Xəriridən başqa 2 nəfər də həlak olub.

Saad əl-Xəriri 2009-cu il noyabrın 9-dan 2011-ci il iyunun 13-dək Livan hökumətinə başçılıq edib. İndi o, 2013-cü il aprelin 6-da baş nazir seçilmiş Tammam Salamı əvəz edəcək. Saad əl-Xəriri 1970-ci il aprelin 18-də Səudiyyə Ərəbistanında anadan olub. Onun var-dövlətinin 4,1 milyard dollara çatdığı bildirilir.

Onun baş nazir olmasının yeni prezidenti seçilməsi ilə də əlaqələndirirlər.

Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Mişel Naim Aun seçilənədək 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.

Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır.

Son xəbərlər

Bütün Xəbər Lenti