Litva hakimiyyəti koronavirusa qarşı peyvənd olunmayanlar üçün sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu addım əhalini peyvənd olunmağa stimullaşdırmaq üçün atılıb.
Nazirlər Kabinetinin qərarına görə, sentyabrın 13-dən etibarən “imkanlar pasportu” əldə etməmiş şəxslər 1,5 min kvadratmetrdən geniş ticarət mərkəzlərinə və bütün qeyri-ərzaq mağazalarına gedə bilməyəcəklər. Onlara bir sıra xidmətlər göstərilməyəcək, o cümlədən həmin şəxslərin ictimai iaşə müəssisələrinə və dövlət tədbirlərinə daxil olmasına icazə verilməyəcək. İşəgötürən bütün əməkdaşlarının “imkanlar pasportu”na malik olmasını vacib hesab edərsə peyvənd olunmamış şəxslər işdən azad oluna bilərlər.
Peyvənd olunmuş, həmçinin COVID-19 keçirmiş şəxslərə elektron və ya kağız formatda pasport verilə bilər. Peyvənd olunmamış şəxslər isə koronavirusa qarşı test verməklə bu şəhadətnaməni ala bilərlər. Dövlət idarələrində bu testlər edilmir. Özəl laboratoriyalarda isə test qiyməti 22-60 avro arasında dəyişir. Test yalnız 48 saat keçərli olduğundan onu mütəmadi olaraq etmək tələb olunur.