Litvanın Daxili İşlər Nazirliyi dekabrın 1-dən yaşayış icazəsi əldə edilməsi üçün müraciət edilməsi şərtlərini dəyişdirəcək. Göstərilən tarixdən sonra bu statusu əldə etmək istəyənlər yalnız öz ölkələrində xarici xidmət təminatçısı ilə əlaqə saxlaya biləcəklər.
“Report” xəbər verir ki, ölkənin daxili işlər naziri Aqne Bilotaytenin məsələ ilə bağlı şərhində bu qərarın müasir miqrasiya meylləri və mümkün təhlükəsizlik təhdidləri nəzərə alınaraq qəbul edildiyi deyilir.
Onun fikrincə, miqrasiya siyasəti milli təhlükəsizlik maraqlarına, xarici siyasət istiqamətlərinə, əmək bazarının tələblərinə və dövlətin institusional potensialına cavab verməlidir.
Xarici xidmət təminatçısı olmayan dövlətlərin vətəndaşları ailələrinə qovuşduqları, yüksək ixtisaslı işə düzəlməyi planlaşdırdıqları və ya elm və təhsil müəssisələrində təhsil almağa dəvət olunduqları halda başqa ölkələrdə yaşamaq üçün müraciət edə biləcəklər. Həmçinin Şirkət daxilində iş yeri dəyişdirilən və ya elmi-tədqiqat müəssisəsi ilə əmək müqaviləsi əsasında müəllim və ya elmi işçi kimi gəlmək niyyətində olan əcnəbilər də başqa ölkədən müraciət edə bilərlər.
Bu qayda Avstraliya, Yaponiya, Böyük Britaniya və Şimali İrlandiya, ABŞ, Kanada, Yeni Zelandiya və Cənubi Koreya vətəndaşlarına aid deyil. Onlar yenə də istənilən xarici xidmət təminatçıları vasitəsilə yaşayış icazəsi üçün müraciət edə bilərlər.
2024-cü ildə Litva xarici xidmət təminat mərkəzlərinin sayını 34-dən 30-a endirib. Livan, İordaniya, Şri Lanka və Nepaldakı filiallar bağlanıb.