Şimali Koreya ABŞ-ın respublikaya qarşı hərəkətlərinə cavab olaraq "ağır cavab tədbirləri" görməyə hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Şimali Koreya bir daha təntənəli şəkildə bəyan edir ki, dövlətin suverenliyini, hüquqlarını və maraqlarını ardıcıl şəkildə qorumaq üçün ABŞ və onun peykləri tərəfindən həyata keçirilən ən iyrənc sui-qəsd hücumlarına fövqəladə cavab tədbirləri ilə cavab verəcək", - XİN-dən bildiriblər.
Nazirlik xatırladıb ki, ABŞ və Cənubi Koreyanın martın 13-də başlayacaq hərbi təlimləri ilə eyni vaxtda Vaşinqton KXDR-də “insan hüquqları məsələsini” müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağa çalışır.
“KXDR ABŞ-ın “insan hüquqları” sahəsində iyrənc təzyiq intriqalarını KXDR-ə qarşı düşmənçilik siyasətinin ən parlaq ifadəsi hesab edərək, onları qətiyyətlə pisləyir və hərtərəfli rədd edir”, - Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib.
Nazirliyin fikrincə, Birləşmiş Ştatlar “insan hüquqları məsələsi”ndən “müstəqil suveren dövlətlərin daxili işlərinə onların sisteminin dağılmasına və hakimiyyətin dəyişdirilməsinə yönəlmiş çirkin müdaxilə vasitəsi” kimi istifadə edir.