Bakı. 9 dekabr. REPORT.AZ/ Koreya Respublikasının parlamenti ölkə prezidenti Pak Kın Heyə impiçment elan edib.
Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.
İmpiçment parlamentdə keçirilən gizli səsvermədən sonra elan edilib.
Qeyd edək ki, bu gün Koreya Respublikasının parlamentində prezidentə impiçment verilməsi məsələsi üzrə keçirilən gizli səsvermədə 300 deputatın hamısı iştirak edib. İmpiçmentin baş tutması üçün parlamentarilərdən azı 200 nəfərin onun lehinə səs verməsi tələb olunub.
Xatırladaq ki, prezident Park Kın He böyük korrupsiya qalmaqalında adı hallanan rəfiqəsi Çhve Sun Silə himayədarlıq etməkdə ittiham olunur. Noyabrın 20-də Respublika Prokurorluğu Çhve Sun Sil və Prezident Administrasiyasının iki keçmiş əməkdaşının işi üzrə cari istintaq nəticələrini açıqlayıb: onlara qarşı korrupsiya, qəsb və xidməti səlahiyyətlərindən sui-istifadə üzrə ittiham irəli sürülüb.