“23 Mart Hərəkatı” (M23) qruplaşmasından olan üsyançılar Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Kambele şəhərini “Wazalendo” hökumətyönümlü könüllü milisləri ilə şiddətli döyüşlərdən sonra ələ keçiriblər.
“Report” xəbər verir ki, bu barədə RFI radio stansiyası məlumat yayıb.
Radio stansiyasına görə, üsyançılar oktyabrın 20-də səhər saatlarında milislərin mövqelərinə hücum ediblər. Döyüşlər ağır silahlardan istifadə edilməklə aparılıb. M23 döyüşçüləri “Wazalendo” dəstələrini Kambeledən kənara sıxışdıra və daha sonra milislərin əks-hücumunu dəf edə biliblər. Hər iki tərəfdən mümkün itkilər barədə dəqiq məlumat hələ daxil olmayıb.
Kambele şəhərinin əhalisi 40 min nəfərə çatır. Şəhər Şimali Kivu əyalətində yerləşir. Kambelenin ələ keçirilməsi ilə üsyançılar üçün qızıl və bəzi digər faydalı qazıntıların aktiv şəkildə çıxarıldığı Valikale rayonuna giriş açılır. Valikale KDR-in hökumət qüvvələrinin nəzarətindədir.
Avqustdan bəri Şimali Kivu ərazisində KDR-in nizami qüvvələri ilə M23 üsyançıları arasında atəşkəs rejimi qüvvədədir.