Ukrayna və Çexiya F-16 qırıcılarının ukraynalı pilotlarının hazırlanması sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, çexiyalı həmkarı Peter Fiala ilə görüş zamanı təhlükəsizlik, iqtisadi əməkdaşlıq, Avropa inteqrasiyası və Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.
"Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsinə ümid edirik. Avropa İttifaqı tərəfindən 17-ci sanksiya paketinin qəbul edilməsini alqışlayırıq. Həmçinin, Qərbdə Rusiya aktivlərinin tam müsadirəsində israr edirik", - o bildirib.
Hər iki baş nazir Ukraynaya hərbi, maliyyə, iqtisadi və humanitar yardımın daha da artırılmasının vacibliyini təsdiqləyiblər.
"Ukrayna və Çexiyanın müdafiə sənayesinin inteqrasiyasını gücləndirəcəyik. Bundan əlavə, F-16 qırıcılarının ukraynalı pilotlarının hazırlanması sahəsində əməkdaşlıq barədə razılaşdıq", - D.Şmıqal əlavə edib.