Ukrayna Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik edəcək.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Qeyd edilir ki, sentyabrın 4-də səhər saatlarında müdafiə naziri vəzifəsindən istefa verən Oleksiy Reznikovun yerini 2022-ci ildən işlədiyi Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindən artıq istefa ərizəsi yazan Rustem Umerovun tutacağı gözlənilir.
Rustem Umerov Səmərqənddə (Özbəkistan) anadan olan etnik Krım tatarıdır. Onun 41 yaşı var, ailəlidir.
Umerovlar ailəsinin 1944-cü ildə deportasiya olunduğu Aluştada yaşayırlar. 90-cı illərdə onlar öz vətənlərinə - Krıma qayıda biliblər.
Umerov maliyyə təhsili alıb. Karyerasına telekommunikasiya şirkəti ilə başlayıb, daha sonra investisiya biznesinə keçib. O, rabitə, informasiya texnologiyaları və infrastruktur sahələrində investisiyaların idarə edilməsində ixtisaslaşan ASTEM-in, həmçinin ASTEM Fondu xeyriyyə fondunun həmtəsisçisidir.
Bundan əlavə, Umerov Səudiyyə Ərəbistanı və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə qrupların həmsədri, İsrail, Çin, Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.
O, həm də 24 fevral hücumundan sonra yaradılan Rusiya Federasiyası ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvüdür.