Şimali Koreya lideri Kim Çen In ABŞ-ın Kaliforniya ştatında, eləcə də Okinava adasındakı hərbi bazalarını əks etdirən “Mulligyong-1” kəşfiyyat peyki tərəfindən çəkilmiş yeni fotoşəkillərə baxıb.
"Report" TASS agentliyinə istinadla bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Dövlət Aerokosmik Mühəndislik Administrasiyasının Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi KXDR liderinə noyabrın 29-da Kaliforniyadakı San-Dieqo Hərbi Dəniz Bazasının və ABŞ Hərbi Hava Qüvvələrinin Okinavadakı Kadena aviabazasının fotoşəkillərini təqdim edib. Bundan əlavə, nümayiş olunan materiallar arasında Süveyş kanalının görüntüləri də olub.
Bundan əvvəl Kim Çen Ina, həmçinin ABŞ-ın Sakit okeanın Quam adasındakı “Andersen” Hərbi Hava Qüvvələri bazasının, Ağ Evin və Pentaqonun, Norfolk dəniz bazası, “Newport News” gəmiqayırma zavodu və Virciniyadakı aerodrom ərazisinin peykdən çəkilmiş fotoları nümayiş etdirilib.