“Rusiya Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. Bu isə NATO ilə gərginlik ehtimalını artırır”.
“Report” xəbər verir ki, bunu hərbi ekspert Sin Bell Britaniyanın “Sky nyus” nəşrində dərc olunmuş təhlilində yazıb.
O bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko NATO ilə gərginliyi artırır:
“Vaqner” xüsusi hərbi təşkilatının ölkəsində yerləşməsi Lukaşenkonu daha da cəsarətləndirib. Lakin bu, Polşa ilə gərginliyin yaranması ilə nəticələndi. Belarus helikopterlərinin də sərhəd pozuntularında iştirak etdiyi barədə məlumatlar var. Bu hallar Belarusun NATO qonşuları ilə gərginliyini artıra bilər”.
Qeyd olunub ki, Belarus liderinin bəzi cəsarətli addımları onu Rusiyada ən populyar liderə çevirib.
Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.