KİV: Niderlandda növbədənkənar parlament seçkiləri payızda keçirilə bilər

Digər ölkələr
  • 04 iyun, 2025
  • 02:38
KİV: Niderlandda növbədənkənar parlament seçkiləri payızda keçirilə bilər

Niderlandda hakim koalisiya dağıldıqdan sonra növbədənkənar parlament seçkiləri payızda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Bildirilir ki, Baş nazir Dik Şofun rəhbərlik etdiyi hökumətin üzvləri öz vəzifələrini daha bir neçə ay - yeni kabinet formalaşana qədər yerinə yetirəcəklər. Analoji vəziyyət Mark Ruttenin rəhbərlik etdiyi əvvəlki hökumətin istefasından sonra da müşahidə olunub.

Qeyd olunur ki, səsvermənin tarixi Seçki Şurası tərəfindən müəyyən edilməlidir. Eyni zamanda, parlamentin yay tətili başa çatdıqdan sonra seçki kampaniyasına başlanılmayacaq və vaxt müəyyən edilərkən seçki məntəqələrinin hazırlanması, kadrların seçilməsi kimi praktiki məsələlər nəzərə alınacaq. Bu səbəbdən seçkilər çox güman ki, payızdan əvvəl baş tutmayacaq.

Bu baxımdan, avqustda səlahiyyətlərini icra edən hökumət üzvləri hələ sentyabrda təqdim olunacaq büdcə layihəsi ilə bağlı danışıqlarda iştirak edəcəklər.

Bundan əvvəl Niderland kralı Villem-Aleksander hakim koalisiyadan çıxan ifrat sağçı Azadlıq Partiyasına mənsub nazirlərin istefasını qəbul edib. Monarx baş nazirdən və digər nazirlərdən yeni hökumət qurulana qədər işlərini davam etdirmələrini xahiş edib.

İyunun 3-də səhər saatlarında Azadlıq Partiyasının lideri Geert Vilders ölkənin miqrasiya siyasətini sərtləşdirmək üçün təqdim etdiyi plana dəstək verilməməsi fonunda hakim koalisiyadan çıxdığını elan edib. Son parlament seçkilərində ən çox mandat alan Azadlıq Partiyasının geri çəkilməsi hakim koalisiyanın dağılmasına və hökumət böhranına səbəb olub.