İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herz Halevini və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet əks-kəşfiyyat agentliyi) rəhbəri Ronen Barı istefaya göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti “Walla News”un müxbiri Tal Şalevə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Netanyahu Qalantı ABŞ-yə səfərindən sonra istefaya göndərmək istəsə də, bu qərarın icrası “Hizbullah”ın Məcdəl Şəmsə hücumu və HƏMAS lideri və “Hizbullah”ın hərbi qanadının liderinin öldürülməsi səbəbindən təxirə salınıb.
Jurnalist əlavə edib ki, Netanyahuya yaxın mənbələrin sözlərinə görə, Baş nazir İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini və Şin Betin rəhbəri Ronen Barı da istefaya göndərməyi planlaşdırır.
Onun sözlərinə görə, bu cür addımların atılmasında məqsəd oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı Netanyahunun danışıqlar aparmasına qarşı etirazı aradan qaldırmaqdır.