Şimali Atlantika Müqaviləsi Təşkilatı Avropadakı müttəfiqlərdən və Kanadadan növbəti bir neçə il ərzində silah və texnika ehtiyatlarını təxminən 30% artırmağı xahiş etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Bloomberg alyansın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamazdan əvvəl müəyyən edilmiş standartları yeniləyəcək NATO-nun yeni hədəfləri indi iyunun əvvəlində təşkilatın müdafiə nazirlərinin Brüsseldə görüşündə qəbul edilməsi üçün müzakirə edilir.
Rəsmilər bildiriblər ki, bu məqsədlərə nail olmaq əksər Avropa müttəfiqlərindən və Kanadadan əhəmiyyətli maliyyə öhdəlikləri tələb edəcək, ABŞ-nin xərcləri isə əsasən dəyişməz qalacaq.
Alyansın nümayəndələrindən birinin sözlərinə görə, yeni hədəflər silah və texnikanın həcminin orta hesabla 30% artırılmasını özündə ehtiva edir. Ancaq bəzi kateqoriyalarda bu rəqəm daha yüksək və ya aşağı ola bilər. NATO-nun yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, yeni məqsədlərin həyata keçirilməsi 5-15 il çəkəcək.