Baş Təhlükəsizlik Xidməti Qüds bölgəsində İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi, ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarı üçün hazırlıq işləri aparıb.
“Report” xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.
Qeyd olunub ki, “Hizbullah” hərəkatı və İrandan gözlənilən hücum fonunda bunker yenidən işlək vəziyyətə salınıb.
“Ynet” portalının məlumatına görə, Qüds ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.
Rəsmi olaraq “Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” adlanan bunkerə raket təhdidləri və müxtəlif növ silahlar təsir edə bilməz. Onun yeri və dərinliyi barədə məlumat yoxdur.
Bir neçə yüz nəfər üçün nəzərdə tutulan bunkerdə yaşayış yerləri, ofislər, iclas otaqları və vahid komanda mərkəzi var. “HƏMAS”ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan və Qəzza zolağında hərbi əməliyyatların başlamasından bu yana Qüds ərazisindəki bunker 10 ay ərzində bir dəfə də istifadə olunmayıb.