KİV: FTB direktoru ATF-nin 1 000-ə qədər agentini FTB-yə köçürməyi planlaşdırır

Digər ölkələr
  • 23 mart, 2025
  • 04:10
KİV: FTB direktoru ATF-nin 1 000-ə qədər agentini FTB-yə köçürməyi planlaşdırır

ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) rəhbəri vəzifəsini icra edən Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel Büronun 1 000-ə qədər agentini FTB-yə təhvil vermək niyyətindədir.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu addım ATF-nin heyətinin sayını üçdə birdən çox azaldacaq.

Telekanalın məlumatına görə, ATF-də 2 600-ə yaxın agent və 5 000-dən çox işçi çalışır. Keçid bir neçə yüz ATF agentinin FTB daxilində sərhəd əməliyyatlarına təyinatı ilə başlayacaq. Sonradan köçürülən işçilərin sayı 1 000-ə çata bilər, baxmayaraq ki, köçürmənin tamamlanma müddəti müəyyən edilməyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Patelə FTB-də islahatlar aparmağı tapşırıb. Daha sonra o, ATF-nin rəhbəri vəzifəsinin icraçısı təyin olunub və bu, qurumların mümkün qismən birləşməsi ilə bağlı fərziyyələrə səbəb olub.

FTB və Ədliyyə Nazirliyi vəziyyəti şərh etməkdən imtina edib.

Son xəbərlər

Bütün Xəbər Lenti