Britaniya hakimiyyəti misoginiyaya (qadınlara qarşı soyuqluq, antipatiya-red) qarşı mübarizə aparmaq üçün ekstremizm əleyhinə strategiyanı yenidən nəzərdən keçirəcək və misoginiyanı terrorizmlə eyniləşdirə bilər.
“Report”un məlumatına görə, bu barədə “Telegraph” qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, ölkənin daxili işlər naziri İvett Kuper hökumətin mövqeyindəki boşluqları təcili olaraq aradan qaldırmaq üçün ekstremizmə qarşı mübarizə strategiyasına yenidən baxmaq barədə göstəriş verib.
Təşəbbüs misoginist baxışlı liderlərin bu cür fikirləri onlayn olaraq yeniyetmə oğlanlar arasında təbliğ etməsi qorxusu ilə əlaqədardır. "(Strategiyaya yenidən baxılması çərçivəsində - red.) Qadınlara və qızlara qarşı zorakılıqla islamçı və ifrat sağçı ekstremizmlə eyni şəkildə mübarizə məsələsi öyrəniləcək", - materialda deyilir.
Nəşr vurğulayır ki, ifrat misoginiya ilk dəfə terrorizmə bərabər ola bilər.
Qeyd olunur ki, proqram çərçivəsində müəllimlər, tibb işçiləri və yerli orqanların işçiləri radikallaşmağa meylli şəxslər barədə məlumat verməyə borcludurlar, bundan sonra yerli hakimiyyət orqanları və polis onların radikalsızlaşdırma ehtiyacını qiymətləndirəcək.
Proses payızda başa çatacaq və Daxili İşlər Nazirliyinin gələn ilin əvvəlində təqdim etməyi planlaşdırdığı ekstremizmə qarşı yeni strategiyanın əsasını təşkil edəcək.