İlkin məlumatlara görə, ABŞ prezidenti seçilən Co Bayden dövlət katibi vəzifəsinə namizədini müəyyənləşdirib.
“Report” xəbər verir ki, bu barədə “Hill” nəşri müzakirə ilə tanış olan mənbəyə istinadən məlumat verib.
Nəşr yazıb ki, namizədin adı gələn həftə açıqlanacaq.
“Kimin Baydenin namizədi olacağı bəlli deyil, ancaq (keçmiş prezident Barak) Obamanın sabiq administrasiya rəsmisi “Hill”ə veteran diplomat və Baydenin çoxdankı müttəfiqi olan Toni Blinkenin bu vəzifəyə təyin olunmaq baxımından favorit hesab edildiyini təsdiqləyib”, - nəşrdə yazılıb.
Qeyd edək ki, T.Blinken əvvəllər dövlət katibinin birinci müavini olub.
Dövlət katibi vəzifəsinə potensial namizədlər arasında senatorlar Kris Kus və Kris Mörfi, keçmiş dövlət katibinin birinci müavini və Rusiyadakı səfir Uilyam Berns və sabiq prezident Barak Obamanın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays da var.