Avropa İttifaqı (Aİ) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın inauqurasiyadan sonra hazırkı Ağ Ev rəhbəri Cozef Bayden tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edə biləcəyindən ehtiyat edir.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
"Avropa rəsmiləri hesab edirlər ki, Tramp Avropadakı müttəfiqləri üçün nəticələri nəzərə almadan, sadəcə Bayden tərəfindən qəbul edildiyi üçün Rusiyaya qarşı sanksiyaları və fərmanları ləğv edə bilər. Avropa Komissiyasının rəsmiləri müxtəlif tədbirlərin ləğvinin Aİ üçün mümkün nəticələrini təhlil etməyə başlayıblar", - qəzet yazıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası ümid edir ki, gələcək Ağ Ev rəhbəri Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək, çünki onlardan Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə mümkün danışıqlar zamanı təzyiq vasitəsi kimi istifadə etmək olar.