KİV: "Cari ilin sonunadək Mərkəzi Afrika Respublikasında Fransa hərbçisi qalmayacaq
- 07 oktyabr, 2022
- 22:02
Fransa Silahlı Qüvvələrinin Mərkəzi Afrika Respublikasında (MAR) yerləşən 130 hərbçidən ibarət sonuncu bölməsi bu ilin sonuna kimi çıxarılacaq.
“Report” xəbər verir ki, bu barədə AFP öz mənbələrinə istinadən məlumat yayıb.
AFP həmsöhbətinin sözlərinə görə, Fransa qoşunlarının MAR-dan tamamilə çıxarılması yaxın həftələrdə başlayacaq və dekabrın ortalarında tamamlanacaq. Fransa qüvvələrinin əsas kontingenti hazırda Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərinin hava limanının ərazisinə yerləşdirilib. O, digər məsələlərlə yanaşı, BMT-nin MAR-da Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyasının (MINUSCA), eləcə də Avropa İttifaqının (Aİ) təlim missiyasının bölmələrinə və personalına yardım göstərir.
Agentlik qeyd edib ki, Mərkəzi Afrika Respublikasına birbaşa hərbi yardımın dayandırılması barədə qərar Fransa rəhbərliyi tərəfindən 2021-ci ilin yayında qəbul edilib.