Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın həyat yoldaşı bir il ərzində ilk dəfə ictimaiyyət qarşısında görünüb.
“Report” xəbər verir ki, bununla bağlı foto Koreyanın Mərkəzi Teleqraf Agentliyinin saytında yayılıb.
Agentliyin məlumatına görə, Şimali Koreya liderinin xanımı Li Sol Çju Kim Çen Inla "Ulduz Günü"nün (Kim Çen İrin ad günü -red) şərəfinə konsertdə görünüb. Tədbir Pxenyanda "Mansude" bədii teatrında keçirilib.
Bundan əvvəl KXDR-in dövlət nəşrləri Li Sol Çjunun 25 yanvar 2020-ci ildə əri ilə yeni il tədbirini izləmək üçün Pxenyanda teatra getdiyi zaman xəbər vermişdi. Şimali Koreyanın liderinin həyat yoldaşının görünməməsi müxtəlif şayiələrin ortaya çıxmasına səbəb olmuşdu. Cənubi Koreya mətbuatı onun guya “itməsi” barədə xəbərlər yaymağa başlamışdı.