ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan kiçik Robert Kennedi Donald Trampa hücumu ölkənin 35-ci prezidenti Con Kennedi və o dövrdə baş prokuror olan Robert Kennedinin öldürülməsi ilə müqaqisə edib.
"Report" xəbər verir ki, kiçik Kennedi "NewsNation"a müsahibəsində hər 3 hadisə arasında paralellər aparıb.
"1963-cü ildə əmim (Con Kennedi) öldürüləndə, Amerika cəmiyyətində bölünmə yarandı. Vətəndaş Müharibəsindən bəri (1861-1865) ən güclü bölünməni isə atam (Robert Kennedi) sui-qəsd nəticəsində həyatını itirəndə yaşadıq, bu gün yenə də bu vəziyyətə düşdük”, - Kennedi bildirib.
Qeyd edək ki, Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda güllələnib. Həmin gün polis onun qatili olduğu iddia edilən Li Harvi Osvaldı saxlayıb, iki gün sonra onun özü gecə klubunun sahibi Ceyk Rubenşteyn tərəfindən polis bölməsində güllələnib. Robert Kennedi isə 1968-ci ildə ABŞ-da prezident seçkiləri kampaniyası zamanı aldığı ölümcül xəsarətdən vəfat edib.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.