Kataloniyadakı "referendum"a qatılanlar 100 faizi keçib

Digər ölkələr
  • 02 oktyabr, 2017
  • 12:31
Kataloniyadakı referenduma qatılanlar 100 faizi keçib
Reuters/ Credit Jon Nazca

Bakı. 2 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti İspaniyadan ayrılmaq üçün keçirilən "referendum"da seçici fəallığını 100%-dən çox hesablayıb. 

"Report" xəbər verir ki, bu barədə "El Mundo" qəzeti yazıb.

Səsvermədən sonra keçirilən mətbuat konfransında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bildirib ki, seçicilərin 90,09%-i İspaniyadan ayrılıb müstəqil olmağın lehinə səs verib, 7,87% seçici bunun əleyhinə olub, bülletenlərin 2,92%-i isə boş və ya etibarsız olub.

Qəzet bu rəqəmlərin cəminin 100,88 faiz olduğuna diqqəti yönəldib və bunun nəzəri cəhətdən mümkün olmadığını bildirib.

Xatırladaq ki, Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi haqqında "referendum" oktyabrın 1-də keçirilib. Krallığın mərkəzi hakimiyyəti "referendum"un İspaniyanın Konstitusiyasına zidd olduğunu bildirib.

44 filmi