Kanada xarici işlər naziri Melani Joli və maliyyə naziri Dominik Leblan cümə günü ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün ABŞ-yə gələcəklər.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanal maliyyə nazirinin kommunikasiya üzrə direktoru Jan-Sebastyan Komyoya istinadən bildirib ki, Joli və Leblan noyabrda ölkənin Baş naziri Castin Trüdonun Trampla Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında müzakirə etdiyi məsələlər üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.
“Fox News” telekanalının məlumatına görə, həmin görüşdə Tramp Trüdoya Kanadadan idxal olunan mallara rüsum tətbiq edəcəyini deyib. Öz növbəsində Baş nazir gələcək Amerika administrasiyasının başçısına bu cür tədbirlərin Kanada iqtisadiyyatını məhv edəcəyini vurğulayıb. Tramp isə cavabında Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. Telekanal qeyd edib ki, bu söz Trüdoda əsəbi gülüş doğurub. Daha sonra o zaman Kanadanın ictimai təhlükəsizlik naziri olan Dominik Leblan jurnalistlərə bildirib ki, Tramp, əslində, Kanadaya hədə-qorxu gəlməyib, sadəcə zarafat edib.