Kanada parlamenti Çinin uyğurlara qarşı siyasətini soyqırımı kimi qiymətləndirən qanunu təsdiqləyib.
“Report” “Guardian”a istinadən xəbər verir ki, 266 deputat soyqırımın tanınmasını dəstəkləyib, layihənin əleyhinə isə səs verən olmayıb.
Kanadanın liberalyönümlü baş naziri Castin Trüdon qanunun qəbul edilməsini dəstəkləməyib. Buna baxmayaraq, parlamentdəki müxalif mühafizəkarlar istəklərinə nail olublar. Baş nazir və Nazirlər Kabinetinin üzvləri səsvermədə iştirak etməyib. Hakim Liberallar Partiyasını təmsil edən digər deputatlar qanunun lehinə səs verib. Partiyanın 72 deputatı ümumiyyətlə səsvermədə iştirak etməyib.
Bundan başqa, Kanada parlamenti Beynəlxalq Olimpiya Komitəsinə müraciət qəbul edib. Sənəddə vurğulanıb ki, əgər uyğurlara qarşı soyqırımı davam edərsə, 2022-ci il Çində keçiriləcək olimpiadanıın yeri dəyişdirilsin.
Xatırladaq ki, rəsmi məlumata görə, Çində 11 milyon uyğur türkü yaşayır. Ölkə hökuməti onlara qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.
Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.